Wisevit D3

Tərkibi:Hər 1 damcının tərkibi:  Vitamin D3 100 BV (2.5 mkq)

Hər 15 ml damcının tərkibi: Vitamin D3 50.000 BV (1250 mkq)

Köməkçi maddələr: zeytun yağı və tokoferollar.

Farmakoterapevtik qrupu: Ca və P mübadiləsini tənzimləyən preparat

Farmakoloji xüsusiyyətləri:

D vitamini (xolekalsiferol), yaxud antiraxit vitamini – yağlarda həll olan vitaminlərə aiddir. Tərkibi doymamış tsiklik spirtdən ibarətdir.  D vitaminin çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur. Bu zaman uşaq gec boy atır,skelet düzgün formalaşmır, yəni orqanizmdə fosfor və kalsium duzları mübadiləsi pozulduğundan sümüklərin tərkibində duzlar çatışmır.  Belə uşaqların qıçları əyri olur,başı çox boyüyür,döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür. Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulur.  Bu vitaminin orqanizmdə çoxluğu da qorxuludur. Belə ki, bu zaman müxtəlif orqanlarda çoxlu kalsium toplanır.

D vitamini balıq yağında, qaraciyərdə, toyuq yumurtasının sarısında, süd, kərə yağında daha çox olur. Günəş şüasının təsiri altında da uşaqların orqanizmində D vitaminin əmələ gəlməsi güclənir. O, orqanizmdə kalsium və fosfor mübadiləsinə, onların bağırsaq divarlarından sorulmasına, bioloji oksidləşmə proseslərinə, limon turşusunun mübadiləsinə təsir edir. D vitamini həmçinin orqanizmdə limfokinlərin sintezini artırmaqla immun sistemini gücləndirir. Hipovitaminozu nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, sümük əyilmələrinə səbəb olan raxit xəstəliyi baş verir. Böyüklərdə D vitamini çatışmazlığı osteomalyasiyaya səbəb olur. D vitamini çatışmazlığını müəyyən etmək üçün qanda D vitamininin qaraciyər metabolitinin 25(OH)D3 – hidroxolekalsiferolun səviyyəsi yoxlanılır. Normada miqdarı 30-60 nq/ml-dir. D vitamini azlığı zamanı 20 nq/ml-dən aşağı, D vitamini çatışmazlığı zamanı isə 21-29 nq/ml qəbul edilmişdir.

Farmakokinetikası: Daxilə qəbul olunduqdan sonra vitamin D nazik bağırsaqdan qana sorulur. Qanda D vitaminini birləşdirici zülalla birləşərək qaraciyərə gətirilir və orada 25-hidroksilaza fermentinin təsirindən oksidləşərək 25-hidroxolekalsiferola – 25(OH)D3 çevrilir. Sonra bu metabolit böyrəklərdə 1-alfa hidroksilaza fermentinin təsirindən yenidən oksidləşərək aktiv metabolit olan 1,25-dihidroxolekalsiferola – 1,25(OH)2D3 çevrilir. D vitamini plasentar baryeri keçir. Ana südünə keçir. D vitamini orqanizmdə piy və əzələ toxumasında depolanır. T ½  19-25 saat təşkil edir. Böyük bir hissəsi ödlə, çox az bir hissəsi isə böyrəklərlə xaric olur.

İstifadəsinə göstərişlər:

Müalicə və profilaktika məqsədilə:

  • D vitamini çatışmazlığının profilaktikası və müalicəsi
  • Raxit və raxitəbənzər hallar
  • Hipokalsiemik tetaniya
  • Osteomalyasiya
  • Metabolik osteopatiyalar (hipoparatireoz və psevdohipoparatireoz)
  • Osteoporozun müalicəsində (həmçinin postmenopauza dövründə)

Əks göstərişlər:

D vitamini hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, sidik daşı xəstəliyi, Sarkoidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri, böyrək çatışmazlığı, ağciyər vərəminin aktiv forması, D vitamininə qarşı individual hiperhəssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri :

D vitamini ilə müalicə xüsusi həkim nəzarəti altında aparılmalıdır, uzun müddətli və yüksək dozalarda Wisevit D3  -ün istifadəsi D vitaminin xroniki hipervitaminozuna səbəb olur. Wisevit D3   və kalsium preparatlarını eyni zamanda yüksək dozalarda istifadə etmək olmaz.  Preparatın müalicəvi məqsədlərlə istifadəsi zamanı sidikdə kalsiumun miqdarını kontrol etmək lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

D vitaminin epilepsiya əleyhinə preparatlar, rifampisin, kolestiraminlə birlikdə istifadəsi zamanı D vitaminin absorbsiyası azalır.  Wisevit D3  -ün tiazid diuretikləri ilə birgə təyini zamanı hiperkalsiemiya riski artır. Ürək qlikozidləri ilə birgə təyini onların toksiki təsirini artırır (ürək ritmini pozulması baş verir).

Hamiləlik və laktasiya dövründə istifadəsi:  Hamiləlik zamanı Wisevit D3  -ü yüksək dozada təyin etmək məsləhət görülmür, çünki teratogen effekti var. Laktasiya dövründə isə yüksək dozada təyini uşaqda doza həddinin aşılmasına səbəb ola bilər. Hamiləlik və laktasiya dövründə D vitaminin dozası 600 BV/sut. –dan artıq olmamalıdır.

İstifadə qaydası və dozası:

Preparatın 1 damcısı 100 BV-dir. Cədvəldə göstərilən dozalara müvafiq gündə 1 dəfə birbaşa, çörəyə damızdırılıb və ya südə qatılıb içilə bilər.

Yaş dövrü Məsləhət görülən sutkalıq norma Maksimal sutkalıq doza
1 yaşa qədər uşaqlar 4 damcı (400 BV) 10-15 damcı (1000-1500)
1-13 yaş 6 damcı (600 BV) 25-40 damcı (2500-4000)
14-18 yaş 6 damcı (600 BV) 40 damcı (4000)
19-70 yaş 6 damcı (600 BV) 40 damcı (4000)
70 yaşdan yuxarı 8 damcı (800  BV) 40 damcı (4000)
Hamiləlik və laktasiya dövründə 6 damcı (600 BV) 40 damcı (4000)

Raxitin müalicəsində: 20-50 damcı (2000-5000 BV) gündə 1 dəfə, 30-45 gün ərzində təyin olunur. Sonra 2 il ərzində (yay ayları istisna olmaqla) profilaktik dozaya keçirilir.

Qanda D vitaminin səviyyəsi 20 nq/ml-dən az olduqda: yükləmə dozası olaraq bir flakon Wisevit D3 (50.000 BV) həftədə 1 dəfə, 8 həftə təyin olunur. Sonra sutkada 15-20 damcı (1500-2000 BV) saxlayıcı dozaya keçirilir.

Əlavə təsirləri:  D vitamininin qanda 150 nq/ml-dən çox artması hipervitaminoza gətirib çıxarır. Hipervitaminozun əlamətləri: iştahanın itməsi, ürəkbulanma, qusma, baş ağrıları, əzələ və oynaq ağrıları, qəbizlik, ağızda quruluq, poliuriya, psixikanın pozulması, depressiya, bədən çəkisinin azalması, yuxu pozulması, bədən temperaturunun qalxması, sidikdə zülal, leykosit, hialin silindrlər əmələ gəlir, qanda kalsiumun artması və onun sidiklə xaric olması, böyrəklərin, ağciyərlərin və damarların kalsinozu ola bilər. D vitamini hipervitaminozu əlamətləri qeydə alınarda dərhal preparatın qəbulu dayandırılmalı, kalsiumun qəbulu azaldılmalı və A, C, B vitaminləri təyin olunmalıdır.

Buraxılış forması: Flakon 15 ml/500 damcı

İstehsalçı: Gricar Chemical SRL, İtaliya

Məhsulun və əmtəə nişanının sahibi: “WISE PHARMA” Şotlandiya.

Depressiyanın müalicəsi

Depresif pozğunluqların yayılması artımı geniş yayılır. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin proqnozuna …

Limonun faydaları və ziyanı

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə …

Zeytunun sağlamlıq üçün faydaları

Zeytun hələ qədim dövrlərdən müdriklik, yetkinlik, nəciblik və qələbə simvolu sayılır. Zeytun meyvəsi bizə …